Baxşəli Həsənəli oğlu Baxşəliyev () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987).

Həyatı Baxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir. Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır.

1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur. 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur.

Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş və Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

Baxşəli Baxşəliyev 12 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR maliyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri