İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran, ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır.

İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi. Eramızdan əvvəl dördüncü əsrdə İran ərazisinin Makedoniyalı İsgəndər tərəfindən işğal olunması nəticəsində burada Ellinizm mədəniyyəti kök saldı. Parfiya dövlətinin yaranması ilə İran üsyanı özünün kulminasiya nöqtəsinə çatdı. Həmin dövlətin ardıcılı hesab olunan Sasanilər İmperiyası isə eramızın üçüncü əsrindən etibarən dörd əsr boyunca dünyanın aparıcı gücü hesab edilirdi.

Yeddinci əsrdə imperiya ərazisinin ərəblər tərəfindən işğal olunmasından sonra İranda mövcud olan yerli Zərdüştilik və Manixeizm dinləri İslam dini ilə əvəzləndi. İran İslamın qızıl çağına mühüm töhfələr vermişdir. Bu töhfələr xüsusilə incəsənət və elm sahələrində özünü büruzə verdi. İki əsrdən sonra İranın müxtəlif müsəlman xanədanlıqlarına bölünməsinin ardınca, ərazi türklər və monqollar tərəfindən işğala məruz qaldı. 15-ci əsrdə Səfəvilər dövlətinin yüksəlişə keçməsi ilə vahid dövlətin yaradılması prosesi yenidən başladı. Səfəvilərin şiəlik təriqətini əsas götürməsi ilə İran və İslam tarixində dönüş nöqtəsi qeydə alındı. Nadir Şahın hakimiyyəti illərində İran dövrün ən güclü dövlətlərindən biri hesab olunsa da, 19-cu əsrdən etibarən Qacarilərin Rusiya imperiyası ilə aralarında baş verən ardıcıl münaqişələr ciddi ərazi itkiləri ilə nəticələndi. İran Qafqazı və İğdır, Qars və s əraziləri Gülüstan və daha sonra Türkmənçay müqavilələrində Rusiyaya verməli oldu. 1905–1911-ci illəri əhatə edən Məşrutə inqilabı ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ilə nəticələndi. 1953-cü ildə Böyük Britaniya və ABŞ-nin təhriki ilə baş tutmuş İran çevrilişi ölkədə Qərb əleyhinə narazılığın artması ilə nəticələndi. Xarici təsir və siyasi repressiya əleyhinə narazılıqlar 1979-cu ildə İran İslam İnqilabının başlanmasına səbəb oldu və nəticədə, ölkə İslam respublikasına çevrildi. Beləliklə, "Ali lider" tərəfindən rəhbərlik olunan teokratik hökumətin əsası qoyuldu. 1980-ci illər ərzində təqribən 8 il müddətinə davam etmiş İraq-İran müharibəsi hər iki tərəf üçün ciddi itkilərin baş verməsi ilə((2000-ci illərdən bəri İranın mübahisəli nüvə proqramı narahatlıqların artmasına səbəb olmuş və ölkə əleyhinə beynəlxalq sanksiyaların tətbiq olunması ilə nəticələnmişdir. 14 iyul 2015-ci ildə Altılıq ölkələri ilə İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında razılaşma əldə olunmuşdur. Bu razılaşmaya əsasən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması qarşılığında İran hökuməti zənginləşdirilmiş uran istehsalını azaltmalı idi.

Suveren dövlət olan İran BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və OPEK kimi qurumların üzvüdür. Əsas regional güclərdən biri hesab olunan İran dünyanın ən böyük təbii qaz ehtiyatlarına və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahib ölkədir. Bu səbəblərdən də İran hazırda beynəlxalq enerji təhlükəsizliyi və dünya iqtisadiyyatına nəzərə çarpacaq təsir göstərir.

Zəngin mədəni irsə sahib olan İran UNESCO-nun Ümumdünya irsi siyahısında 28 mədəni mirasa sahibdir. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir. İran müxtəlif etnik və linqvistik qrupların yaşadığı ölkədir. Ölkə ərazisində yaşayan ən böyük etnik qruplar farslar, azərbaycanlılar, kürdlər, talışlar, giləklər, mazanilər və lurlardır.

Etimologiyası Müasir fars dilində īrān sözü 3-cü əsr Orta Fars dilindəki Ērān sözündən götürülmüşdür və əvvəlcə "arilərin" mənasını vermişdir, daha sonra isə arilərin yaşadığı torpaqlara istinad kimi coğrafi məna qazanmışdır.. Həm coğrafi, həm də demonimik mənalarda Ērān sözü antonimik Anērān sözündən fərqlənir və sözün əsl mənasında "qeyri-İran" (yəni, qeyri-ari) mənasını verir..

Coğrafi mənada Ērān sözü həmçinin Sasani imperiyasının üstünlük verilən endonimi olan Ērānšahr fərqlənirdi, baxmayaraq ki, əsasən müxtəlif İran xalqlarının yaşamadığı torpaqları da əhatə edirdi. Sassaniler İmperyasını Ērānšahr yəni İranlıların imperyasi olaraq adlandırdı

İran termini qədim mətnlərdə müxtəlif variasiyalarla rast gəlinir. Buraya Arioi (Herodot), Arianē (Eratosthenes apud Strabo), áreion (Rodoslu Eudemus apud Damascius), yunan dilində Arianoi (Diodorus Siculus) və ermənicə Ari; bunlar da öz növbəsində iran formalarından gəlir: qədim farsca ariya, avestaca airya, ariao.

Tarixi

İslamdan öncəki dövr thumb|II Kir İran ərazisinin məskunlaşması Alt paleolit dövrünə aid edilir. E.ə. III minilliyin əvvəllərində İranın cənubi-qərbində ilk sinifli cəmiyyətlər meydana gəlmiş, əvəlcə ayrı-ayrı şəhər-dövlətləri yaranmış, sonralar Elam və e.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olmuşdur. E. ə. təqribən 2200-cü ildə Kutilər Sumer və Akkadı müvəqqəti zəbt etmiş Kassilər isə XVIII-XVI əsrlərdə Babilistanı ələ keçirərək e.ə. XIII əsrin sonuna kimi burada hökmranlıq etmişlər. E.ə. II minilliyin sonudan İran ərazisinə hind-iran dillərində danışan Hind-Avropa tayfalarının İran qrupundan olan ari (müasir İranın adı buradandır; qədim İran dilində Arianam-"arilər ölkəsi" və ya padşahlığı deməkdir) tayfaları gələrək qərbi və mərkəzi rayonlarda məskunlaşdılar. İndiki İranın Xuzistan və Luristan ərazisini əhatə edən vilayətlərlə yanaşı e.ə. VII əsrə qədər İranın əsas əkinçilik rayonlarında sinifli cəmiyyətlər meydana gəlmişdir. thumb|"Atropatena" Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcud olmuş qədim dövlət və bu gün Azərbaycan adlanan rayonun qədim adıdır E.ə. təqribən 673-672–ci illərdə Assuriya (Aşşur) əleyhinə bağlanmış üsyan nəticəsində İran yaylasının şimal qərbində Midiya dövləti yarandı. E.ə. 616-605-ci illərdə Midiya Babilistanla ittifaqda Assuriya, Manna, Urartunu və İran yaylasının çox hissəsini işğal etmişdir.

Midiyanın tabeliyində olan pars (parsa, pars, müasir fars sözü buradandır) padşahlığı ilə müharibə (e.ə. 553-550) nəticəsində hakimiyyət Əhəmənilər (Haxamanişlər) sülaləsinin əlinə keçdi. VI əsrin sonunda II Kir (Kuş) və onun varislərinin işğalları nəticəsində Əhəmənilər dövlətinin sərhədi Hind çayından Egey dənizinə və Qafqaz dağlarından Nil çayına qədər genişləndi. Əhəmənilər dövləti I Daranın hakimiyyəti dövründə (e.ə. 521-485) daha da qüvvətləndi. Ticarət yolları üzərində hökmranlıq qərb ilə şərq arasında gedən mübarizə Əhmənilər dövlətini Yunanıstanla uzun sürən müharibələrə sövq etmişdir. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər İranı işğal etdi. thumb|249x249px|Şapur Sasani E.ə. 312-ci ildə İran Selevkilər dövlətinin tərkibinə qatıldı (İsgəndərin ölümündən sonra müstəqillik qazanan Atropatena dövləti yalnız e.ə. III 20-ci illərinin sonlarında Selevki hökmdarı III Antioxun hakimiyyətini tanımışdır) E.ə. III əsrin ortalarında indiki İran və Türkmənistan sərhəddində yaranmış Əşkanilər padşahlığı e.ə. II əsrin ortalarında bütün İranı hakimiyyət altına almışdır. Əşkanilərdən asılı olan fars hökmdarı I Ərdəşir 224-cü ildə Parfiyanın axırıncı padşahı II Artabanı məğlub edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Sasanilər dövründə (III-VII əsrlər) İranda feodal münasibətlər yaranmağa başladı. Sasanilər İranda möhkəmləndikdən sonra Cənubi Ərəbistan, Suriya, Fələstin, Misir, Atropatena, Albaniya (Qafqaz), Ermənistan və İberiyanı ələ keçirdi. Sasani hökmdarları hələ Əhəmənilər dövründə yeridilən xətti dövlət aparatında və orduda farslara üstünlük verilməsi, onların vergilərdən azad edilməsi siyasətini daha da gücləndirmiş, Zərdüştlüyü dövlət dini elan etmişlər.

Cənubi-Qafqaz (Zaqafqaziya) xalqlarının Sasani əsarətinə qarşı 450–451, 457, 481–484-cü illərdə qüdrətli üsyanları baş verdi. Sasanilər dövlətində sinfi ziddiyyətlərin kəskinləşməsi və feodal separatizminin güclənməsi həmçinin Bizansla aparılmış uzun sürən müharibələr VII əsrdə Ərəblərin İranı işğal etməsini asanlaşdırdı; İslam dini və Ərəb dili yayılmağa başladı.

İslamdan sonrakı dövr thumb|Qadisiyyə döyüşü 636-cı ildə baş vermiş döyüş. Döyüş sasanilərlə ərəblər arasında baş tutmuş və ərəblər qələbə qazanmışlar. İranda ərəb hökmranlığı VII əsrin 80-ci illərinə kəndli üsyanlarına səbəb oldu. 747-ci ildə Mərvdə Əbu Müslimin başçılığı ilə Əməvilər Xilafətinə qarşı xalq hərəkatı bütün İranı bürüdü. Abbasilər hökmranlığı dövründə Maq Sumbatın (755), Ustad Sisin (767) və Azərbaycanda Babəkin başçılığı ilə xalq üsyanları baş verdi. Şüubiyyə hərəkatı geniş vüsət alırdı. Bütün bunlar xilafətin süqutunu sürətləndirirdi. IX-X əsrlərdə İranda yalnız formal sürətdə xilafətdən asılı olan əmirliklər var idi. 900-cü ildə Xorasan və İranın şərq hissəsi Samanilər dövlətini tərkibinə daxil oldu (999-a qədər). İranın qərbində və İraqda Büveyhilər dövləti (935–1055), Azərbaycan ərazisində isə IX əsrin sonu – XI əsrdə Sacilər, Səlarilər, Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətləri yarandı.

X əsrdə şəhərlərin və tranzit ticarətinin inkişafı Ərəb hökmranlığına son qoyulması XI əsrdə İranda iqtisadi və mənəvi yüksəlişə şərait yaratdı. Samanilər dövlətinin süqutundan sonra İranın şərqi- Orta Asiyanın bir hissəsi və indiki Əfqanıstan ərazisi Qəznəvilər dövlətinin tərkibinə daxil oldu. 1040-cı ildə səlcuq (oğuz) türkləri İranı və onunla həmsərhəd ölkələri işğal edərək Səlcuqilər dövlətinin yaratdılar. XII əsrin əvvəllərində Səlcuqilər dövləti ayr-ayrı sultanlıqlara parçalandı; Sultanlıqlar içərisində Atabəylərin hakimiyyəti yarandı.

Mərkəzi Əlamut qalası olan İsmaililər dövləti (1090–1256) habelə Eldəgizlər dövləti (1136–1225) İranın xeyli hissəsini ələ keçirmişdir. 1220–56-cı illərdə İranı Monqollar işğal etdi. XIII əsrin ortaları XIV əsrlərdə İran monqol Elxanilər dövlətinin tərkibinə daxil idi, Qazan xanın (1295–1304) keçirdiyi islahatlar İranın iqtisadi inkişafına şərait yaratdı. Elxanilər dövlətinin süqutundan sonra İran ərazisi Cəlairilər, Müzəffərilər (XIV əsrin 40–50-ci illərində) və s. feodal dövlətlərinin tərkibinı daxil oldu. Feodal zülmü və monqol hökmranlığı Xorasanda Sərbədarlar üsyanına (XIV əsrin 30–80-ci illərində) Mazandaran və Gilanda seyidlər hərəkatına (1350) səbəb olmuşdur. thumb|Çaldıran döyüşü