Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır.

Tarixi Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" () olaraq adlandırılmışdır.

Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.

Coğrafiya və iqlimi Hacı Zeynalabdin qəsəbəsi Bakı şəhərindən 40 km şimalda Xəzər dənizi və Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan düzənlikdə yerləşir. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3,1 °C, avqustda 24,9 °C-dir. Havanın ən aşağı temperaturu −13 °C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40 °C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Qəsəbə üçün şimal — xəzri və cənub – giləvar küləkləri xarakterikdir.

Qəsəbə infrastrukturu Qəsəbədə 4 orta məktəb, 5 uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir.

Qəsəbədə Hacı Zeynalabdin Tağıyevin şəxsən özü tikdirdiyi nasos qurğuları, "Şəhidlər" kompleksi, Heydər Əliyevin 75 illik yubileyi ilə bağlı yaradılmış "Heydər bulağı", qəsəbə məscidi, Hacı Zeynalabdin Tağıyevin büstü və Dədə Qorqudun monumenti ("Kitabi Dədə Qorqud" dastanının 1300 iliyinə həsr olunur) kimi abidələr vardır.

Məktəblər Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəb (1176 yerlik, 1972-ci il) Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəb (622 yerlik, 1987-ci il) (+500 yerlik əlavə korpus, 2009-cu il) Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb (645 yerlik, 1999-cu il) Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəb (220 yerlik, 2013-cü il)

Uşaq bağçaları Sumqayıt şəhəri 3 saylı uşaq bağçası (110 yerlik, 1966-cı il) Sumqayıt şəhəri 42 saylı uşaq bağçası (110 yerlik, 1984-cü il) Sumqayıt şəhəri 58 saylı uşaq bağçası (220 yerlik, 1978-ci il) Sumqayıt şəhəri 60 saylı uşaq bağçası (220 yerlik, 1984-cü il)

Qəsəbədə həmçinin 1982-ci ildən Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi, 1981-ci ildən etibarən isə Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasının 17 saylı filialı olan Hacı Zeynalabdin Tağıyev adına kitabxana filalı fəaliyyət göstərir.

Əhalisi Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Hacı Zeynalabdin qəsəbəsində əhalinin sayı illər195919701979198920072009Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2009-cu il Ümum-Azərbaycan əhali siyahıyaalınması məlumatları 2024 say53896759863416 37119 50020 67440000

İstinadlar

Həmçinin bax Hacı Zeynalabdin bələdiyyəsi Kiçik Pirəkəşkül

Kateqoriya:Sumqayıt qəsəbələri Kateqoriya:Azərbaycanın sahilyanı yaşayış məntəqələri