right|thumb|400px|Eneolit dövrü

Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, misir-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos. " -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdiРындина, Дегтярёва. 2002.

Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;

thumb|right

Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi. Bəzi ölkələrdə bu mərhələ nisbətən tez, digərlərində isə gec başlanmışdır. Birinci dəfə mis əşyalar Qədim Şərq ölkələrində meydana gəlir.İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. (I bölmə III fəsil səh.74)

Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr sırasına daxildir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI minillikdən başlanır və IV minilliyin ortalarına qədər davam edir. Eneolit dövründə iqtisadiyyat və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələri olur, əhalinin sayı xeyli artır, əkinçi-maldar qəbilələri geniş ərazilərdə yayılır, qəbilələrarası əlaqələr güclənir. Bu dövrdə Qədim Şərqin bəzi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır.

Eneolit dövründə Azərbaycanda oturaq həyat sürən qəbilələr məskən salmışdılar. Əkinçilik mədəniyyəti onlara yaxşı məlum idi. Onlar müxtəlif taxıl növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə edirdilər. Onların sürülərində, demək olar ki, bütün əsas ev heyvanları var idi. Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın Eneolit dövrü qəbilələrinin başlıca ərzaq mənbəyini təşkil edirdi.

Zaqafqaziyada eneolitin öyrənilməsi 50-ci illərdə Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin qazıntılarından başlandı. Həmin illərdə Mil düzündə aparılan arxeoloji tədqiqat işləri böyük marağa səbəb oldu. Burada aşkar edilən yaşayış yerlərində I Kültəpənin qədim mədəni təbəqəsi üçün səciyyəvi olan saxsı məmulatının varlığı müəyyən edildi. Abidələrdən əldə edilən material Eneolit dövrü mədəniyyətinin Şimali Azərbaycanda böyük ərazidə yayılması və onun Ön Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi

60-cı illərdən başlayaraq Mil-Qarabağ düzənliyində Qarqar çayından şimalda yerləşən abidələrin öyrənilməsi göstərdi ki, buradakı erkən əkinçilik mədəniyyətini əks etdirən çoxsaylı yaşayış məskənlərinə Azərbaycanın və bütün Zaqafqaziyanın digər vilayətlərində rast gəlinməmişdir. Zaqafqaziyada eneolit mədəniyyətinin lokal xüsusiyyətlərinin, əlaqələrinin və qarşılıqlı təsirlərin, xronoloji məsələlərin öyrənilməsində Ağdam rayonunda Çalağantəpə, İlanlıtəpə və Leylatəpə qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir.

Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən əkinçilik mədəniyyəti abidələri öyrənildi.İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. (I bölmə III fəsil səh.75) Həsənli, Hacı Firuz, Dəlmətəpə və s. abidələrdə erkən əkinçi mədəniyyəti qalıqları aşkar olundu. 1948-ci ildə Urmiya gölünün qərb sahilində Göytəpə yaşayış yerində İlk Tunc dövrü təbəqəsindən altda eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi. Sonralar eyni vəziyyətə Urmiya gölünün şərqində Yanıqtəpə yaşayış yerində rast gəlindi. Ancaq Cənubi Azərbaycanın həmin bölgələrdəki abidələri öz xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi.

Azərbaycan və bütün Cənubi Qafqaz ərazisində Kür çayının orta axarında aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci illərində Şəmkir və Qazax rayonlarında çox maraqlı eneolit abidələri tədqiq edilib öyrənildi. Bunlardan birinci növbədə Şomutəpə, Töyrətəpə, Babadərviş, Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar. Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış yerləri Gürcüstanın Azərbaycanla qonşu rayonlarında da, xüsusən, Marneuli düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış məskənləri çox güman ki, Ön Asiya - Qafqaz aləminin şimal həndəvərində yayılmış ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir. Cənubda, xüsusən Naxçıvan ərazisində, Mil, Qarabağ və Muğan düzlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün başqa etno-mədəni şaxəsini təşkil edir.

80-ci illərdə Ağdam rayonundakı Leylatəpə yaşayış yerində aparılan tədqiqatlar göstərdi ki, eramızdan əvvəl IV minilliyin başlanğıcında Azərbaycanın Qarabağ düzənliyinə Mesopotamiyanın Obeyd mədəniyyəti ilə oxşar mədəniyyətə malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər, o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər.

Beləliklə, XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatlar Azərbaycan ərazisində istehsal təsərrüfatının inkişaf mərhələsini əks etdirən Eneolit dövrünün varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu sübuta yetirdi.

Quruçay və Köndələnçay vadisində eneolit dövrünün qədim mədəniyyət izləri

Quruçay və Köndələnçay vadisində ən qədim əkinçilik mədəniyyəti ilə bağlı olan abidələr eneolit dövrünə aiddir.Quruçay və Köndələnçay vadisində eneolit dövrünün ilk tapıntıları Azıx və Tağlar daş dövrü mağara düşərgələrinin üst mədəni təbəqələrində aşkar edilmişdir. Hər iki mağara Quruçayın hündür sol sahilindəki əhəng qayalıqlarında yerləşir. Onların ətrafı əkinçilik üçün yararlı torpağı olan yallardan ibarətdir. İstər Azıx, istərsə də Tağlar mağaralarından tapılmış eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin böyük hissəsini gil qab qırıqları təşkil edir. Bunlar saman və ya qum qatışıqlı gildən hazırlanmış qab qırıqlarından ibarətdir. Həmin qırıqlar özlüyündə eneolit dövrü üçün xas olan bəsit formalı küpələrə, enli ağızlı qazan və camlara, düz divarlı iri qablara aiddir. Saman qatışıqlı gil kütləsindən hazırlanmış qabların üzəri hər iki tərəfdən eyni tərkibdə olan gil məhlulu ilə suvanmış və hamarlandırılmışdır. Bişirilmədən sonra bu məhlul nazik təbəqə şəklində açıq çəhrayı və ya yaşılımtıl-sarı rəng almışdır. Qum qatışıqlı gildən düzəldilmiş qabların səthi kobuddur. Onlar boz və ya qırmızımtıl-boz rəngidir. Saxsıları kövrəkdir. Təsvir etdiyimiz qab nümunələri Azərbaycanın bütün eneolit abidələri üçün səciyyəvidir. Eyni formalı və texnoloji xüsusiyyətli qablar qonşu respublikaların eneolit dövrü abidələrində də gil məmulatının əsasını təşkil edir. Azıx və Tağlar mağaralarından gil məmulatı ilə yanaşı bir neçə daş və sümük məmulatı da tapılmışdır. Daş məmulatına əsasən dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr daxildir. Onlar iki və üçtillidir. Bu alətlərin bəzisinin yanı dişəklənmişdir. right|thumb|300px|Quruçayda tapılan çaydaşından əmək alətləri. X-VII təbəqələr, 1,5 milyon - 700 min il əvvəl.