Mehdi Həsən oğlu Mustafayev () — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).
Həyatı Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən gənc yaşlarından zəhmətə qatlaşmalı olur. Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır.
1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir.
Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur.
Böyük Vətən müharibəsi başlananda o dövlət tərəfindən İrana göndərilir. Oradan qayıdandan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində xeyli müddət kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində çalışır.
Mehdi Mustafayev sonralar Tovuz Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1953–1959-cu illərdə o, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, 1959-cu ildən ömrünün sonunadək (1979-cu il) Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifələrində işləmişdir.
"Lenin", "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri və bir çox medallarla təltif edilmiş, 1948-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bir neçə çağırış respublika Ali Sovetinin deputatı olmuşdur. 1964 və 1974-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Xatirəsi Ağstafa şəhərində Mehdi Mustafayevin adını daşıyan parkda dövlət xadiminin büstü vardır.
İstinadlar
Mənbə Əsrarəngiz yaşıllıqlar vurğunu İbrahim CƏFƏROV, ADAU-nun rektoru, professor Zülqədər eli (kitab) Ənvər Çingizoğlu, Nərminə Məmmədova Mehdi Mustafayev-100 Əlləz Vəliyev (Ormeşənli) Mehdi Mustafayevin 100 illik yubileyi qeyd olundu
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan şərabçıları Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:SSRİ aqronomları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları