Dilbər Hacı qızı Axundzadə () — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı.

Həyatı İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur.

O, gəncliyində Gəncə Şəhər Sovetinin, və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir.

Həbsi və azad edilməsi Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

thumb|left|150px|Mikayıl Müşfiq və Dilbər Axundzadə Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.

Sonrakı illəri Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır.

Dilbər Axundzadə daha sonra dini nikahla yenidən evlənmiş və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı olmuşdur. Oğlu 60 yaşında ölmüşdür.

Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Əsərləri "Müşfiqli günlərim" Bakı-1968.

Xatirəsi 2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

İstinadlar

Xarici keçidlər Mikayıl Müşfik sevgisi, Rəbiyyə Zərdabi Dilbər Axundzadə Mikayıl Müşfiq haqqında 1988-ci il.

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları