Əmirəli Lahrudi () — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi.

Həyatı Əmirəli Əhməd oğlu Lahrudi 1924-cü ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Tudə Partiyasına üzv olub. 1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri olub. 1945-ci ildə Azərbaycan Demokrat Partiyası yaradıldıqdan sonra partiyaya üzv olub və Meşkin mahal komitəsinin sədri Zəbiulla Mirzə İsmayılın müavini təyin olunub.

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti yarandı. 1946-cı ilin oktyabr ayında Təbrizdə yaradılmış hüquq və siyasi məktəbində təhsil alıb.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr yaratmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi də cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai dəstələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında əmr verdi. Elə həmin gündən etibarən, İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. 2 ay Lənkəranda qaldıqdan sonra Gəncəyə göndərilib. İlk vaxtlar Borsunlu yaxınlığında neft mədənlərində fəhləlik edib. ADF-nin Ağdam təşkilatında siyasi fəaliyyət göstərib. 1955-1956-ci illərdə ADF-nin Quba Komitəsinin sədri vəzifəsində çalışıb. 2 il Bakıda Ali Partiya məktəbində, 3 il Moskvada partiya məktəbində təhsil alıb.

1960-cı ildə Azərbaycan Demokrat Firqəsi və Tudə Partiyası birləşdikdən sonra və icraiyyə komitəsinin üzvü seçilib.

1960–1968-ci illərdə Almaniyanin Leypsiq şəhərində yerləşən partiyanın mərkəzində işləyib. 1968-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirib. Tudə Partiyasının 1979-cu ildə keçirilmiş 16-cı plenumunda icraiyyə komitəsinin üzvü seçilib. 1979-cu ilin oktyabr ayında ADF-nin sədri seçilib və ömrünün sonuna qədər bu vəzifəni icra edib.

2014-cü il dekabrın 5-də Bakıda vəfat edib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Əmirəli Lahrudi — Xatirələr və mülahizələr, Bakı, 2007-ci il. Əmirəli Lahrudinin müxtəlif illərdə yazdığı məqalələr

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Meşkinşəhrdə doğulanlar Kateqoriya:Tudə partiyasının üzvləri