Klod Ejen Anri Simon (; ) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985).
Həyatı Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı. 1937-ci ildə respublikaçıların tərəfində vuruşmaq üçün İspaniyaya gedən könüllülərə qoşulması da məhz bu təsirlə bağlı idi. Lakin o, bir müddətdən sonra seçiminin yanlış olduğunu anlamış və respublikaçılardan uzaqlaşmışdı.
İkinci Dünya müharibəsi başlananda Klod Simon Fransa ordusu sıralarına qayıtmışdı. Draqun polkunun zabiti kimi cəbhədə vuruşmuşdu. 1940-cl ilin mayında Paris uğrundakı döyüşlərdə təsadüf nəticəsində sağ qalsa da, əsirlikdən qurtara bilməmişdi. Faşistlər onu əvvəlcə Saksoniya, sonra isə Fransadakı hərbi əsir düşərgəsində saxlamışdılar. Bir təsadüf nəticəsində əsirlikdən qaça bilmişdi. Mübarizəsini Fransa Müqavimət hərəkatının sıralarında davam etdirmişdi.
Yaradıcılığa müharibədən əvvəl başlasa da, "Fırıldaqçı" adlı ilk romanı 1945-ci ildə çap olunmuşdu. Əsər haqqındakı rəylər kifayət qədər ziddiyyətli idi. Ədəbi tənqidin fikrincə, Klod Simonun "Gərilmiş ip" (1947), "Qulliver" (1952), "Külək" (1957) avtobioqrafik romanlarında Uilyam Folkner, Marsel Prust, Cozef Konrad, Fyodr Dostoyevski kimi klassik sənətkarların təsiri duyulurdu. Gənclik dostu olan fransız rəssamı Raul Dyufinin "Çəkməli olduğun şəkil üçün çəkdiyin şəkli qurban verməyi bacar!" — məsləhəti Klod Simonun yaradıcılıq axtarışları üçün həmişə aktual olmuşdu.
Mütərəqqi fransız yazıçılarının əksəriyyəti kimi Klod Simon da müstəmləkəçiliyə barışmaz mövqeyi ilə tanınırdı. 1960-cı ildə o da Fransanın bir çox intellektualları ilə birlikdə Əlcəzair xalqına azadlıq verilməsini tələb edən "121-lər Bəyannaməsi"ni imzalamışdı.
Müharibə Klod Simonun yaradıcılığının davamlı mövzularından biri idi. Nüfuzlu "Ekspress" jurnalının mükafatını alan "Flandriya yolları" (1961) romanının qəhrəmanı Corc da müəllifin özü kimi Paris döyüşlərinin iştirakçısıdır. Lakin Simon onun şücaətlərindən daha çox müharibə ilə bağlı fikirlərinə diqqət yetirmişdi. Mediçi mükafatı ilə qeyd olunan "Tarix" (1967) romanında yazıçı, əksinə sözlə batal səhnələr yaratmağı üstün tutmuşdu. "Farsal yaxınlığında döyüş" (1969) romanında isə müharibənin ab-havasını vermək üçün müəllif dil və üslub üzərində bir sıra maraqlı eksperimentlər aparmaqdan özünü saxlaya bilməmişdi.
Bədii mətnin get-gedə mürəkkəbləşməsi, kompozisiya eksperimentləri və şifrələnmiş obrazların yaradılması yazıçının erotik istiqaməti ilə seçilən "Triptix" (1973) romanında özünü göstərmişdir. Klod Simonun bir neçə il sonra çap etdirdiyi "Georgika" romanı (1981) isə əvvəlki ədəbi eksperimentlərdən uzaqlaşaraq yenidən fransız ədəbiyyatı ənənələrinə qayıdışla səciyyəvi idi.
1985-ci ildə daha çox "seçilmişlərin" və "mütəxəssislərin" yazıçısı sayılan Klod Simon "insanın təsvirində zaman amilinin rolunun dərindən dərk edilməsinə, habelə yaradıcılığında poetika və rəngkarlığın üzvi şəkildə birləşdirilməsinə görə" Fransa ədəbiyyatına növbəti Nobel qazandırmışdı. Nobel mühazirəsində yazıçı özünün ədəbiyyata fərqli baxışının mahiyyətini açıqlayaraq qələm dostlarını "sübuta yetirməyə deyil, göstərməyə, uydurmağa deyil, yaratmağa, ifadə etməyə deyil, açmağa, kəşf etməyə" çağırırdı.
"Hər şey avtobioqrafikdir, hətta təxəyyül də!" — deyən müəllif 80-ci illərin ikinci yarısından sonra çap etdirdiyi "Dəvət" (1987), "Akasiya" (1989), "Tramvay" (2001) kitablarında da özünün sənət prinsiplərinə sadiq qalmağa çalışmışdı.
Əsərləri Le Tricheur (Fırıldaqçı) 1946 La Corde Raide (İp) 1947 Gulliver 1952 Le Sacre du printemps (Bahar ayini) 1954 Le vent: Tentative de restitution d 'un rétable baroque (The Wind: Attempted Restoration of a Baroque Altarpiece) 1957 L'Herbe (Ot) 1958 La Route des Flandres (Flanders yolu) 1960 Le Palace (Saray) 1962 La Separation (Ayrılma) 1963; pyes, Ot romanından adaptasiya olunmuş Femmes, sur 23 peintures de Joan Miró (Qadınlar, Con Mironun 23 şəkli) 1966; yeni nəşr, La Chevelure de Bérénice (Berenisin saçı) 1984 Histoire (Hekayə) 1967 La Bataille de Pharsale (Farsal savaşı) 1969 Orion aveugle: Essai (Kor Oryon: İnşa) 1970 Les Corps conducteurs (Conducting Bodies) 1971 Triptyque (3 hissəli əsər) 1973 Leçon de choses (Əşyalarda dərs) 1975 Les Géorgiques (The Georgics) 1981 L'Invitation (Dəvət) 1987 L'Acacia (Akasiya) 1989 Le jardin des plantes (Bitkilərin bağı) 1997 Le tramway (Tramvay) 2001
İstinadlar
Mənbə Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:XXI əsr Fransa yazıçıları Kateqoriya:XX əsr Fransa yazıçıları