Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.

Tarixi Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. thumb|Ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır.Bakı Dövlət Universiteti ilə Estoniyanın Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır . 04.11.2013, azertag.az

Müasir təhsil sistemi thumb|Yürgen Liqi, Estoniyanın təhsil və tədqiqat naziri (9 aprel 2015-ci ildən) Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.

Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri.

Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi).

Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.

Əsas təhsil pilləsi I–IX sinifləri əhatə edir. Əsas təhsilin VII–IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X–XII sinifləri əhatə edir.

Tədris dilindən asılı olmayaraq təhsil bütün pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175 tədris günündən (35 həftə) ibarətdir.

Ölkə üzrə 2008–2009-cu tədris ilində ümumi təhsil məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib. Onların 12426 nəfəri birinci sinif şagirdi olublar.

Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir.

Məktəbəqədər təhsil Məktəbəqədər təhsil məktəbəqədər təhsil müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır.

Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya uşaqlar üçün nəzərdə tutulan gündüz bağçaları, 1–7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir.

Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət göstərən uşaqlar üçün nəzərdə tutulan gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində qrupların maksimum sayı 6-nı keçmir.

Yerli hökumətlər nəzarət etdikləri ərazi dairəsində yaşayan bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına imkan yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər hökumətləri fiziki, nitq, görmə və əqli qüsuru olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqların yaşadıqları ərazidəki məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya qruplarında tərbiyə olunmasını təmin edirlər. Məktəbəqədər təhsil müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.

Ölkənin digər regionları ilə müqayisədə iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir.

Məktəbəqədər təhsil müəssisələrində oxumayan uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi əsasındadır.

Əsas təhsil Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə cəlb olunur. İcbari təhsil I–IX sinifləri əhatə edir. I–VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII–IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər.

Əsas təhsil 3 mərhələdə təşkil edilir: Birinci mərhələ — I–III siniflər; İkinci mərhələ -IV-VI siniflər; Üçüncü mərhələ -VII-IX siniflər.

Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.

Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir: I sinifdə 20 dərs; II sinifdə 23 dərs; III–IV siniflərdə 25 dərs; V sinifdə 28 dərs; VI–VII siniflərdə 30 dərs; VIII sinifdə 32 dərs; IX sinifdə 34 dərs.

Əsas təhsil pilləsində icbari olaraq bu fənlər tədris edilir: eston dili və ədəbiyyatı; iki xarici dil; riyaziyyat; təbiət elmləri; coğrafiya; biologiya; kimya; fizika; tarix; humanitar elmlər; ictimai elmlər; musiqi; təsviri sənət; fiziki təhsil; əmək təlimi.

Tədris rus və digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur.

Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı (eston dili və ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.

Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.

Orta təhsil thumb|Tallində 21 nömrəli orta məktəb Orta təhsil müddəti 3 il olmaqla X–XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.

Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.

2008–2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011–2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.

Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər: Peşə təhsili müəssisələrində peşə təhsili (0,5–3 il); Kolleclər və ya universitetlərdə ali peşə təhsili (3–4,5 il); Universitet və ya digər ali təhsil müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili (3–4 il).

Texniki peşə təhsili Həm əsas, həm də orta təhsil pilləsində təmayüllər üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir. Bu zaman təhsil müddəti 0,5–2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə bilərlər.

Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar.

Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali məktəblərdə davam etdirmələrinə imkan verir.

Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları 0,5–2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.

Əsas və orta məktəblərdə təşkil olunan peşə təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.

2008–2009-cu tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi fəaliyyət göstərmişdir ki, onların da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı peşə təhsili müəssisələri idi. Həmin təhsil müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçmişdir.

Ali təhsil

Estoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.

Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər.

Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3–4,5 il, bakalavr proqramı üzrə isə 3–4 ildir.

Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.

Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir.

Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir.

Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir.

Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3–4 il davam edir.