Zemfira Nadir qızı Verdiyeva () — Azərbaycanın ilk xarici dillər üzrə qadın elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Həyatı Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1943–1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər Universitetində (İngilis-fransız dili fakültəsi) daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957–1995-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır.
Z. Verdiyevanın dünya ölkələrindən aldığı 50-dən çox şlyapadan ibarət zəngin baş geyimləri kolleksiyası var.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir.
Ailəsi Alimin iki qızı var. Onlardan biri elmlər doktoru, professor, digəri isə hüquqşünasdır.
Elmi fəaliyyəti 1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir.
Z. Verdiyeva 1990–1995-ci illər ərzində Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 65 qadın təşkilatı ilə əlaqə yaratmışdır. Bu cəmiyyət 1920-ci ildə yaradılıb, hazırda öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəhbərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Dünyanın 65-dən çox ölkəsində olmuş və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşdur.
1990-cı ildə Türkiyə prezidentinin xanımı Səmra Özal onun dəvəti ilə Bakıya gəlib.
1991-ci ildə Türk Qadını Gücləndirmə və Tanıtma Vaqfının sədri Səlma Özalın dəvəti ilə respublikanın tanınmış qadınları Türkiyədə səfərdə olublar.
Mükafatlar Zemfira Verdiyeva İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998–2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq görülmüşdür. Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən "Bütün Dünyada Sülh" federasiyası tərəfindən "Sülhməramlı Səfir" diplomu ilə təltif edilmişdir.
Z. Verdiyevanın tərcümeyi-halı 1998-ci ildə Nyu-Yorkda (ABŞ) "Beynəlxalq Tərcümeyi-Hal" Soraq Kitabçasına daxil edilmişdir. Həmçinin, xarici dillər üzrə ilk qadın elmlər doktoru kimi Azərbaycan Milli Ensiklopediyasına daxil olmuşdur.
Kitabları
Müxtəlif nitq formalarınında dilin funksionallıq prinsipləri (). Bakı: ADU, 1986. Narahat dəqiqələrin sevinci (). Bakı: Gənclik, 1987. Meksika yaxın olur (). Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1988. Лексическая синонимия в азербайджанском языке. Баку: АПИ, 1988. Bağlı qapılar açılanda...: Yol qeydləri, təəssüratlar. Bakı: Gənclik, 1999.
Dərsliklər
Семантический анализ прилагательных, обозначающих понятие материального состояния. Баку: АПИИЯ, 1976. Экспериментальная фонетика. Кн. 2. Баку: АГУ, 1981 (həmmüəlif). Проблемы языкознания. Ч. 1. Баку: Маариф, 1982 (həmmüəlif). Семантические поля в современном английском языке. Москва: Высш. шк., 1986. English (учеб. для 1-го и 2-го курсов филологических и исторических факультетов неязыковых педагогических институтов). Баку: Маариф, 1988 (həmmüəlif). Dilçilik problemləri (). Bakı: Elm, 2019 (M. Adilov, F. Ağayeva ilə birgə). Azərbaycan dilinin semasiologiyası. Bakı: Elm, 2019 (M. Adilov, F. Ağayeva ilə birgə).
Lüğətlər
The systematic dictionary of English / Azerb. ped. inst. of foreign lang. named after the 50-th anniversary of the USSR ; Comp.: Verdieva Z. N., Kerimzade I. A. B. 1: English verbs ; B. 2: English adjectives ; B. 3: English adverbs. Baku: Elm, 1978-1983. Словарь лингвистических терминов. Баку: Маариф, 1989 (həmmüəlif). İzahlı dilçilik terminləri lüğəti. Bakı: Elm və təhsil, 2020 (M. Adilov, F. Ağayeva ilə birgə).
İstinadlar
Xarici keçidlər Verdiyeva Zemfira Nadir qızı
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:AMEA-nın qadın müxbir üzvləri Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan Dillər Universitetinin rektorları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycanda qadın ilkləri